Daxili İşlər Nazirliyi (DİN) Lozanna Universitetinin Azərbaycandakı məhbuslarla bağlı hesabatına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ONA-ya açıqlamasında bu hesabatın reallığı əks etdirmədiyini qeyd edib: “Sözün düzü şəxsən mən Lozanna Universitetinin ekspertlərinin hazırladıqları o hesabatı görməmişəm və ona görə də belə bir sənədin həqiqətən mövcudluğunu deyə bilmərəm. Əgər doğrudan da onlar belə bir hesabat hazırlayıblarsa və orada Azərbaycanda hər 100 min nəfərə 235 məhbusun düşməsini göstəriblərsə, onda tam əminliklə deyə bilərəm ki, bu rəqəm həddindən artıq şişirdilib, yəni real vəziyyəti əks etdirmir. Ya onlar bizim 1996-cı ildən əvvəlki rəqəmlərimizə istinad ediblər, ya da bugünkü real vəziyyət barədə məlumatsızdırlar. İndi hər 100 min nəfərə düşən məhbuslarımızın sayını dəqiq rəqəmlə göstərə bilməsəm də, amma əminliklə deyə bilərəm ki, bu rəqəm nəinki MDB dövlətləri ilə, eyni zamanda bir çox Avropa dövlətləri ilə də müqayisədə xeyli azdır. Sual olunur-bütün beynəlxalq sənədlərdə, hesabatlarda hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan müsbət mənada bir sıra Avropa və MDB ölkələri arasında sonuncu yerlərdən birini tutursa, bəs necə ola bilər ki, qeyd olunan dövlətlərlə müqayisədə məhbusların sayı bizdə çox olsun? Ümumiyyətlə məhbusların sayı hər bir ölkədəki cinayətlərin sayından asılıdır. 1996-cı ildən başlayaraq hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan bir çox Avropa və MDB ölkələri arasında müsbət mənada sonuncu yerlərdən birini tutur və ona görə də məhbus sayında da eyni mövqedəyik. Odur ki, məsələyə məntiqlə yanaşanda açıq-aydın görünür ki, hesabatı hazırlayan ekspertlər hesablamanı düzgün və obyektiv aparmayıblar”.
Qeyd edək ki, mətbuatda Lozanna Universitetinin Azərbaycandakı məhbusların sayı ilə bağlı hesabatı dərc olunub. Həmin hesabatda Azərbaycanda hər 100 min nəfərə 235 məhbusun düşdüyü qeyd olunub.