Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış, narkotiki təbliğ edən mahnı ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.
Məsələ ictimai rezonans doğurub, cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.
DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.
Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o, həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.