Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsini 2 min manat cərimə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə aprelin 3-də paytaxtın Xəzər rayonu ərazisində reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmiş və 2000 manat məbləğində cərimələnib. Həmçinin həmin ərazinin təmizlənməsi tələb olunub. Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.