"Yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüb".
ONA-nın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib.
Nazir qeyd edib ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.
Ramil Usubov yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib.
Dövlət başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib.