”Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 101 Zəng Mərkəzinə daxil olmuş məlumatdan sonra ilk yanğınsöndürən avtomobil 8 dəqiqəyə əraziyə çatıb”.
ONA-nın məlumatına görə, bunu "Diqlas" ticarət mərkəzində baş verən yanğınla əlaqədar jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov bildirib.
Ə.Novruzov deyib ki, nəqliyyat vasitələri tıxaclar yaratdığı üçün yanğınsöndürənlərin hadisə yerinə çatmasına müəyyən maneələr yaranıb: “Amma buna baxmayaraq, birinci, ikinci və dördüncü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Hazırda binanın zirzəmisində yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət və 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub”.
DYMX-nin qərargah rəisi yanğının səbəbləri barədə araşdırmalardan sonra məlumat veriləcəyini nəzərə çatdırıb: “İlkin olaraq gül dükanında yanğın baş verməsi barədə məlumat daxil olmuşdu. Yanğın bölmələri hadisə yerinə çatarkən ticarət mərkəzinin bütün perimetri boyu yanğın yayılmışdı. Ticarət mərkəzinin ərazisi təxminən 2 hektara yaxındır. Bir-birinə bitişik ticarət obyektləri yanıb. Burada əsasən santexnika aksessuarları, geyim əşyaları və qarışıq mallar olduğundan, yanğın sürətlə yayılıb”.