Bakının Qaradağ və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında istismar işləri aparan şəxslər tərəfindən karxanalarda norma və qaydalara riayət edilməməsi faktı ilə bağlı cinayət işi başlanıb.
ONA-nın xəbərinə görə, aparılan istintaqla müəyyən edilib ki, Hüseyn Mayılov, İlham Rəcəbov və Anar Xəlilov xüsusi lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub, qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurublar.
İstintaqla həmçinin müəyyən edilib ki, həmin şəxslər ətraf mühitin mühafizəsi qaydalarına da riayət etməyiblər.
Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqa cəlb olunublar.