Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsalə Məlikova ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən şikayəti yoxdur: "Mənə zəng edib bildirdilər ki, guya mənə sosial yardım yazanda ilk ayların pulunu Vidadigil alıblar. Amma mən belə ifadə verməmişəm. Sonra məni Kürdəxanıdakı həbsxanaya apardılar ki, üzləşdirsinlər. Mən xəstə olduğum üçün getmək istəmədim. Sonra məni bir də çağırıb dedilər ki, gəl ifadəni dəyiş. Mən də razılaşmadım. İfadəni özüm yazmamışam, oxumadan imzalamışam. Latın əlifbasında yaza bilmirəm. Onlar yazdı, mən də imzaladım".
V. Məlikova qeyd edib ki, Vidadi Eyvazova pul verməyib, amma başqa şəxslərin pulla sosial yardım aldıqlarından xəbərdardır: "Bunu hamı bilir. Çox adam pul verib yardım düzəltdirib. Pul verməyəndə sənədləri gecikdirirdilər. Vidadi şəxsən məndən pul istəməyib. Mənim yanımda da heç kim Vidadiyə pul verməyib".
Məhkəmədə şahid qismində Tofiq Məhərrəmov da ifadə verib. Şahid deyib ki, anasına təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət edib: "Mənə hansı sənədlərin lazım olduğunu dedi. Əvvəlcədən özüm ona söz vermişdim ki, iş həll olunsa, ona şirinlik verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng elədi ki, sənədlər hazırdır və bankdan kartı götürmək lazımdır. Bildirdi ki, kartı götürəndən sonra anamla birlikdə onun yanında gedək. Kartı aktivləşdirmək üçün anamın imzasına ehtiyac olduğunu dedi. Amma sonra bildim ki, kart aktiv imiş. Bir neçə gün sonra kartı gəlib götürməyimizi istədi. Kartı götürəndə dedi ki, söz verdiyi şirinliyi artıq kartdan çıxarıb. Mən nə qədər götürdüyünü soruşdum. Dedi ki, 600 manat götürüb. Mən də dedim ki, 600 manat şirinlik çoxdur. 50-100 manat nəzərdə tutmuşdum. Puldan sadəcə 100 manatını qaytara biləcəyini dedi. Buna görə də mən şikayət elədim. Prokurorluğa zəng edib bu barədə bildirdim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyimi istədilər. Elnurdan qaytara bildiyi 100 manatı aldım, aramızda danışıq oldu. Prokurorluq əməkdaşları 100 manatı məndən alıb yola saldılar. Sonra bildim ki, Elnur həbs edilib. Mən belə olacağını bilmirdim. Düşünürdüm ki, yəqin ki, çağırıb xəbərdarlıq edərlər".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb. Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında E.Quliyev və V.Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.