• HADİSƏ

    11:46 25 may 2019

DTX rəisi: "Azərbaycan 4-5 yerə bölünməli, tarixdən, xəritədən silinməli idi"

“Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işləyib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, həyatını dəyişib”.

ONA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışında deyib.

DTX rəisi bugünkü reallıqdan danışmaq istədiyini bildirib: " Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu, 30-cu illərdə, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırcılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil.

Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı. Paytaxtı biz Heydər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapança alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".

M. Quliyev qeyd edib ki, Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoyaraq, Azərbaycana qayıdıb və Azərbaycanı tərəqqi yoluna qoyub: "Bu gün biz banisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük.

Azərbaycanın hər cür təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi - möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycana müdrikliklə, peşəkarlıqla rəhbərlik edir.

Mən məlumatlar alıram, hər gün səhər-səhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq.

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.

Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olunmaması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR