• HADİSƏ

    15:53 26 mart 2019

DYMX "Diqlas" ticarət mərkəzində yanğının geniş yayılmasının səbəbini açıqlayıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov "Diqlas" ticarət mərkəzində yanğının söndürülməsi zamanı yanğınsöndürənlərin xəsarət alması və yanğının söndürülməsinə çox vaxt sərf olunmasına münasibət bildirib.

ONA-nın məlumatına görə, Ə.Novruzov jurnalistlərə açıqlamasında deyib ki, yanğının söndürülməsi zamanı xilasedicilər müəyyən hallarda təhlükəsizlik texnikası qaydalarından kənara çıxır, öz həyatlarını risk altında qoyurlar.

Onun sözlərinə görə, "Diqlas" ticarət mərkəzin konstruktiv elementlərinin mürəkkəbliyi və uçma təhlükəsi olduğundan, yanğınsöndürənlər arasında zəhərlənmə və xəsarət alma hallarına rast gəlinib: “Ancaq bu, ciddi xəsarətlər deyil. Mülki şəxslər arasında xəsarət alanlar barədə isə bizdə məlumat yoxdur”.

Ə.Novruzov onu da qeyd edib ki, yanğın yükü deyilən anlayış var, yəni yanğının söndürülməsi yanan əşyaların kütləsindən asılıdır: “Ticarət mərkəzində isə əşyalar xaotik yığılıb. Yanar kütlə nə qədər çox olarsa, yanğının söndürülməsi də bir o qədər çətin olur. Eyni zamanda binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmazlığı var. Yanğın bölmələri tərəfindən 200 m məsafədən suyun çəkilməsi işləri aparılır. Yanğın avtomobillərində su məhdud olduğundan, bu kimi ticarət mərkəzlərində yanğınların söndürülməsini təmin etmir. Obyekt rəhbərliyi tərəfindən indiyədək yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığı üçün yanğın geniş şəkildə ətrafa yayılıb. İstilik binanın daxilində həddən artıq yuxarıdır və şəxsi heyət də fərdi mühafizə vasitələri ilə çətinliklə hərəkət edir. O temperatur bizim işimizə müəyyən maneçilik törədir. Çünki içəridə temperatur 200-300 dərəcədir, metal konstruksiyalar deformasiyaya uğrayıb. Bu temperaturda isə şəxsi heyətin mühafizəsi xüsusən su şırnaqları altında aparılır. Xüsusi yanğınsöndürmə maşınları həm kənardan su vurur, həm də şəxsi heyət xüsusi aparatlarla içəridə işləyir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir”.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR