“Yanğın avtomobilində su tükənməz deyil, bu, müəyyən müddət üçündür. Avtomobillərdə su bitən zaman yanğın hovuzlarından, su hidratlarından avtomobillərə su doldurulmalıdır”.
ONA-nın məlumatına görə, bunu canlı yayımda Lent.az-ın suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib.
R. Xudiyev deyib ki, “Diqlas” Ticarət Mərkəzi olan yerdə su ehtiyatı çox azdır: “Ticarət mərkəzində yanğının yayılmasının əsas səbəbi də orada suyun azlığı, yaxud yaxınlıqdakı su hovuzlarının nasazlığı olub. Biz oradan yanğın yerinə kifayət qədər su götürə bilməmişik. İstər ticarət obyekti, istər yaşayış binası, hər yanğının söndürülməsinə hər kvadratmetr üçün müəyyən qədər su vurulmalıdır. Əgər biz lazım olan həcmdə su verməsək, heç vaxt o yanğını söndürə bilmərik. Ticarət mərkəzində yüklənmə, tikinti materialları, müxtəlif növ sintetik mallar çox olduğuna görə yanğının böyük sahədə yayılması ehtimalı daha çoxdur. Həmin yerdə qısa müddətdə, 3-5 dəqiqə ərzində yanğın 2 min kvadratmetr ərazini əhatə edir. Orada su olmadığı anda biz məcburuq ki, uzaq məsafədən su çəkək. Yəqin ki, orada iri diametrli şlanq xətlərini görmüsünüz. Bizdə 2 kilometrdən su çəkmək üçün şlanqlarla təchiz olunmuş avtomobillər var. Biz yanğın zamanı o avtomobilləri də cəlb edirik və o avtomobillər gedə-gedə şlanq xətlərini çəkir”.
R. Xudiyev helikopterlərin səbətlərinin də müxtəlif ölçülü, 3-5 ton olduğunu nəzərə çatdırıb: “Bu gün Azərbaycanda 5 tonluq səbətə malik helikopterlər var. 5 ton suyu da bir nöqtəyə buraxmaq olmaz. Helikopter yaxınlaşıb 5 ton suyu birdən binanın damına buraxsa, binanın konstruksiyası çökər. Ona görə çalışılır ki, yağış formasında suyu versinlər ki, binanın konstruksiyasına ziyan dəyməsin. Dünən də yanğın zamanı binanın konstruksiyalarının soyudulmasında helikopterlərin böyük köməyi dəydi. Biz konstruksiyaları soyutmasaq, bina deformasiyaya uğrayacaq və qısa bir zamanda uçmaq təhlükəsi ilə üzləşəcək”.