• HADİSƏ

    10:58 5 mart 2019

Emin Şəkinski keçmiş qaynını bağışlayıb - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şabah Hüseynov ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını, lakin Pənah Dadaşovu Gürcüstana apardığını deyib. Şahid Tahir Hüseynov E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanı uşaqları ilə birgə Gürcüstana apardığını qeyd edib.

E.Şəkinskinin uşaqlarının adına sənəd düzəldilməsi epizodu ilə bağlı 3 şahid də dindirilib. Sonra E.Şəkinskinin vəkili çıxış edib. O, müvəkkilinin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Hakim isə deyib ki, zərərçəkmiş şəxs bununla bağlı növbəti prosesdə məhkəməyə yazılı ərizə təqdim etməlidir. Buna görə proses martın 15-dək təxirə salınıb.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər. Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar.

Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR