Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb.
İdarədən ONA-ya verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni aprelin 7-də, saat 21:25 radələrində "102 xidməti"nə zəng edərək Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib.
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb.
Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.