Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evini dağıdıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Füzuli rayonuna düşən mərmi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə avtomobilinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Düşmənin atdığı mərmi Goranboy rayonunda yerləşən FHN DYMX Xocalı rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasına və yaxınlıqdakı minik avtomobilinə ziyan vurub. Xəsarət alan yoxdur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.