• HADİSƏ

    16:57 15 aprel 2019

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

ONA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Konvoy Taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib: "Mən 21 il vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm".

B. Abdullayev qeyd edib ki, Fadəyə Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib: "Mənim Etibarla bağlı hər zaman kinim olub. O, 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə məni mütəşəkkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandir kimi həbs edə bilərdilər. Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm".

Sonra dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 22-də davam edəcək.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər:

SON XƏBƏRLƏR