• HADİSƏ

    20:19 2 aprel 2019

FHN: “Diqlas”a qaydaların pozulması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib.

ONA-nın FHN-nin saytına istinadın verdiyi məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.

İ.Əliyev bildirib ki, DYNX-nın əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İ.Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.

İ.Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.

Sonra çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov “Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O, əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, “Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

Nazir Kəmaləddin Heydərov “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. O, həmçinin ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyev və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR