Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.
ONA FHN-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı və səfirliyin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb.
Səfir Cahid Bağçı Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.