• HADİSƏ

    17:10 11 avqust 2020

FHN: Tovuzda erməni təxribatı nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin təmir-bərpasına başlanılıb

Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

APA-nın məlumatına görə, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR