• HADİSƏ

    17:19 7 may 2019

Fikrət Məmmədov ABŞ səfiri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Ədliyyə Nazirliyinin ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, Azərbaycanın ABŞ-la əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələrin müxtəlif istiqamətləri əhatə etdiyini vurğulayan nazir hüquqi sahədə əməkdaşlıqdan bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə ABŞ-ın ölkəmizdəki Səfirliyinin iştirakını qeyd edib.
Ö.Litzenberqer iki ölkə arasında əlaqələrin inkişafının və səfərlərin intensivləşməsinin mühüm prioritetlərdən olduğunu vurğulayıb, ABŞ-ın Azərbaycana investisiya marağını qeyd edərək ölkəmizdə bu sahədə mühüm addımların atıldığının şahidi olduğunu söyləyib, məhkəmə-hüquq islahatlarına maraq göstərib.
Söhbət zamanı dövlətimizin başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti qeyd olunaraq bu mühüm sənədin icrası üzrə görülən işlərdən danışılıb.
Azərbaycan Prezidentinin Fərmanını alqışlayan səfir bildirib ki, Fərmanın icrası məhkəmə ictimai inamın artmasına, ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin şəffaflığına xidmət edəcək. O, Ədliyyə Nazirliyinin qanunun aliliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək səmərəli qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair niyyətini ifadə edib.
Görüşdə həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının təminatı, məhkəmə qərarlarının icrası, qeydiyyat məsələləri və digər konkret mövzularda ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR