• HADİSƏ

    16:03 2 may 2019

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinə yekun vurulub

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib və bununla da zona birinciliklərinə yekun vurulub.

FHN-dən ONA-ya verilən məlumata görə, birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhərinin, Abşeron rayonunun da məktəbliləri qüvvələrini sınayıb. Birincilikdə 17 məktəbin komandası iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığı bildirib.

Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilib. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib. Bakı şəhəri Yasamal rayonun 31 nömrəli orta məktəbin komandası I, Bakı şəhəri Nizami rayonun 220 nömrəli orta məktəbin komandası II, Zəngi liseyinin komandası isə III yerə layiq görülüb. Yarışda ilk 3 yeri tutmuş komandalar, həmçinin, Sumqayıt şəhəri 43 nömrəli orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Qalib gəlmiş komandalar kubok və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, VIII “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyinin final mərhələsi 23-30 iyun tarixlərində Qəbələ rayonunda keçiriləcəkdir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR