Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata əsasən, dekabr ayının 25-də gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olaraq gedib.
Məlumatda bildirilib ki, həmin şəxsin sonradan video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi ilə bağlı iddiası isə həqiqətə uyğun deyil.