Gəncədə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər qarşı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti belə tədbir Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 6 mağaza aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.
Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.