Goranboyda ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə və (022) 245-30-72; (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
* * *
Saat 13:03
***
Goranboyda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Goranboy rayonunun Borsunlu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volvo” markalı avtomobilin sürücüsü M.Qradjov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.