Göyçayda martın 29-da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi məlum olub.
ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Vüqar Nəriman oğlu Göyçay şəhərində "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay şəhər sakini 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlunu vurub hadisə yerindən qaçmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs bu gün saxlanılaraq polis şöbəsinə gətirilib.
O, hadisə zamanı həyəcanlı olduğu üçün qaçdığını bildirib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma divan edir.
Şahnəzər Bəşirov