Göyçayda fərdi yaşayış evinin yanması nəticəsində bir nəfər ölüb. ONA-nın Şirvan bürosunun xəbərinə görə, hadisə bu gecə saat 3:00 radələrində şəhərin Xəqani küçəsindəki 28 saylı mənzildə qeydə alınıb. Şəhər sakini 1934-cü il təvəllüdlü Niftəliyev Bahadur Məhəmməd oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 90 kvadratmetrlik hissəsi yanıb. Ev sahibinin oğlu, 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlu yanaraq ölüb, onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Niftəliyeva Rəqiyyə Rəhim qızı yanıq xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov