Göyçay rayonunda spirtli içki istehsal edən müəssisədə yanğın baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Sahibkar Vaqif Məmmədova məxsus "Emil" firmasının köhnə konyak zavodunun yerində fəaliyyət göstərən spirtli içki istehsalı müəssisəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsulsaxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb.
Müəssisənin tavanı tez alışan materialdan olduğu üçün alov qısa müddətdə zavodun hər yerini əhatə edib. Hadisə zamanı zavodun 350 kvadratmetrlik hissəsi və həyətdəki bir hektar kol-kos yanıb.
Yanğın Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
****
22:49
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 465 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.