Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəlqiyyat hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib.
Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını icra edərkən yolun əks istiqamətindən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər “Ford” markalı avtomobil çırpılıb.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan orta yaşlı qadın isə xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Xəsarət alanlar arasında 2 azyaşlının olduğu da bildirilir.
Yerli sakinlər qəzaya uğrayan hər üç avtomobilin Marneuli sakinlərinə aid, ölənlərin isə azərbaycanlı olduğunu bildiriblər.
Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları cəlb edilib, Faktla bağlı araşdırma aparılır.