Hacıqabul-Qalmaz qaz kəmərində yanğın avqustun 7-də saat 20.35-də Hacıqabul rayonu ilə sərhəd olan Abşeron rayonunun çöllük ərazisində qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
22:43
Hacıqabul rayonu ərazisindən keçən diametri 750 mm-lik Hacıqabul-Qalmaz qaz boru xəttində yanğın baş verib.
Bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
***
22:02
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
***
21:16
Hacıqabul rayonu ərazisində yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.