Hacıqabul rayonunda COVID-19 virusuna yoluxan Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə etdikləri məlumat əsasında Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Mahir Əlibala oğlunun xəstə olmasına baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olduğu, yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Həmin şəxsin virusa yoluxduğu üçün işə çıxmaması və evdə müalicə olunması barədə qərar qəbul edilib. O, işə çıxmamasını fürsət bilərək ona məxsus “Chevrolet” markalı 99-RN-783 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərib, marketdə alış-veriş edib. Bütün bunlar marketlərdən birinin təhlükəsizlik kamerasına düşüb.
Polis əməkdaşı ona zəng edib və özünü şəhər sakini kimi təqdim edərək taksi sifarişi verib. M.Məmmədov sifarişi qəbul edərək hansı ünvana gəlməsini soruşub. Toplanan materiallar əsasında M.Məmmədov taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını kobud şəkildə pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükə altında qoyub. Eyni zamanda sürücünün risk altında qoyduğu sərnişinlərin müəyyən edilməsi istiqamətində aydınlaşdırmalar aparılır və adıçəkilən şəxsin taksi xidmətindən istifadə edən sərnişinlərin koronavirus testindən keçmələri xahiş olunur.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq və təhqiqat şöbəsində M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi əsas götürülməklə araşdırma aparılır.