• HADİSƏ

    18:58 20 avqust 2019

Hirkan Milli Parkında yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB-1

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin daha bir helikopteri cəlb olunub.

ONA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

***

16.32

Hirkan Milli Parkında yanğının söndürülməsinə helikopter cəlb edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

14.36

Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ONA-ya bildirib ki, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Havanın isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR