İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı üzvü reanimasiya şöbəsində ölüb.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.
Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada dünyasını dəyişib.
Komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bir neçə saat əvvəl dünyasını dəyişib.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.