“Diqlas” Ticarət Mərkəzinin sahibi olan şəxslər ticarət mərkəzində malları yanan insanlarla ayrı-ayrılıqda görüşəcək. İstintaqın apardığı araşdırmadan sonra kimin nəyin yanıbsa, həmin sahibkarlar onun xərcini ödəməlidir”.
ONA-nın məlumatına görə, bunu Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.
A. Qasımov bildirib ki, böyük bir ticarət mərkəzi yanıb və bu məsələ dövlətin diqqət mərkəzindədir: “Dövlət başçısı həssas təbəqələri daim diqqət mərkəzində saxlayır. Mən də Prezidentin bu rayonda nümayəndəsiyəm. Biz imkan vermərik ki, sizin bir qəpiyiniz hədər getsin. Araşdırmadan sonra bəlli olacaq ki, kim kimə nə ödəyəcək. Sahibkarlar gələcək, sizinlə sahibkarlar arasında görüş keçiriləcək. O sahibkarlarla müqavilə bağlayıb işləmisiniz. Bu məsələlər araşdırılmalıdır. Biz deyə bilmərik ki, siz onlara nə ödəmisiniz, onlar sizdən nə alıb. Bunun üçün araşdırma aparılmalıdır. Bunun başqa yolu yoxdur, biz sahibkarı məcbur edə bilmərik ki, sizə hansısa həcmdə pul versinlər. Bunun üçün məsələ aydınlaşdırılmalıdır. Ona görə də xahiş edirəm ki, istintaqa tez izahat verin ki, bu məsələlər də tez həllini tapsın. İstintaqın qərarına uyğun olaraq sahibkarlardan dəymiş ziyanın ödənilməsi tələb olunacaq. Digər tərəfdən, çalışacağıq ki, kiməsə iş yeri lazımdırsa, təmin edək”.
İcra Hakimiyyətinin başçısı ticarət mərkəzində malları yanan şəxslərin banklara borcu məsələsinə də toxunub. A. Qasımov bank rəhbərlərindən şəxsən xahiş edəcəyini, kredit məsələsində güzəştlər istəyəcəyini bildirib.