Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanunu və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində 2019-cu ilin 1 may tarixində "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı" layihəsinin aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ictimai müzakirəsi keçirilib.
İdarədən ONA-ya verilən məlumata görə, tədbirdə qeyd olunub ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, profilaktika, cinayət təqibi, insan alveri qurbanları və ya potensial qurbanları, o cümlədən uşaqların sosial reabilitasiyası, müdafiəsi və onlara göstərilən yardımın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi, maarifləndirmə və birgə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı layihədə 67 müxtəlif tədbir nəzərdə tutulub. Eyni zamanda müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı, dövlət orqanları ilə əməkdaşlığı və fəaliyyətlərinə maliyyə dəstəyinin göstərilməsinə dair layihə üzrə konkret tədbirlərin planlaşdırılması müzakirələr zamanı xüsusilə vurğulanıb, mövcud ehtiyacların həlli və gələcək perspektivlərin həyata keçirilməsi baxımından sənəd tam məqsədəuyğun hesab olunub.