Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Rauf Şirəliyev deyib ki, V.Xudadatovdan heç bir şikayət və tələbi yoxdur. Çünki böyrəyini pulsuzluq səbəbindən özü könüllü şəkildə satıb, heç kim onu heç nəyə məcbur etməyib. O, istintaqa ifadəsində də bildirib ki, daimi işi olmadığından çox adama borcu yaranmışdı, kirayə pulunu ödəyə bilmirdi. 2016-cı ildən özlərinə kiçik bir ev tikmək istəsələr də, başa çatdıra bilmirdilər. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda görüb ki, böyrək donoru axtaranlar var. O elanın altında yerləşdirilən telefon nömrəsinə zəng eləyib. Cavab verən adam deyib ki, qohumu üçün böyrək axtarır. R. Şirəliyev isə böyrəyini satmaq istədiyini deyib. Telefonla danışan adam da onu bu barədə danışmaqdan ötrü Bakıya çağırıb. Öncə telefonla danışdığı gənc adamla görüşsələr də, az sonra V.Xudadatov da gəlib. Amma Vahib böyrəyini satan başqa adamlar kimi ona da özünü Sahib kimi təqdim edib. Qiymət məsələsində R.Şirəliyev öncə böyrəyini 15 minə satmaq istədiyini deyib, amma qarşı tərəf razılaşmayıb: “Sahib dedi ki, camaat bu qiymətə ciyər, ürək alır. Böyrəyə görə heç kim 8 mindən yuxarı pul verməz. Mən də 8 minə razılaşdım”.
Bundan sonra Bakıda Tibb Universitetinin klinikasında analiz verib, daha sonra böyrəyin respientə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün hər ikisi İrana gedib. Böyrək köçürülməsi əməliyyatı isə Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutub. O, əməliyyatdan sonra da razılaşdıqları məbləği alıb.
Məhkəmədə dindirilən digər zərərçəkmiş Cavidan Hüseynov da şikayətçi olmadığını, böyrəyini öz istəyilə satdığını bildirib. Deyib ki, hətta bu məqsədlə saytların birində elan da yerləşdirib. O, məhkəmədə bildirib ki, böyrəyinə görə 10 min 500 manat pul alıb. C.Hüseynov istintaqa ifadəsində deyib ki, Tacikistanda baş tutan əməliyyatdan sonra Bakıya qayıdanda vəziyyəti pisləşib, yarada çirk yaranıb. Xəstəxanaya gedəndə məlum olub ki, əməliyyat vaxtı tənzifi unudub içəridə saxlayıblar. C.Hüseynov yenidən əməliyyat edilib, tənzif oradan çıxarılıb.
Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər. Cinayət işində 27 zərərçəkmiş var. Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.