Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi etdirilib.
ONA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Tağıyev özünü təqsirli bilib.
Daha sonra o, sərbəst ifadə verib. Qeyd edib ki, zərərçəkmiş İ.Ağazadəni xalasıoğlu vasitəsi ilə tanıyıb. S.Tağıyev deyib ki, onun özünəməxsus evləri olub, bunların da sənədlərini hazırlamaq üçün İ.Ağazadədən ümumilikdə 160 min manat pul alıb: "İqbal müəllim təklif etdi ki, evlərin sənədlərini hazırlayım. Sənədlər hazırlayıb evləri satılacaqdı. Mənə 160 min manat pul verdi. Sonra da bu pulu geri qaytardım".
Proses martın 14-də davam etdiriləcək.
İttihama görə, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd edərək 4 min manat pul alıb.
Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.