Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən ONA-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkarlanıb və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıb.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general- polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və baş sağlığı veriblər.
Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.