• HADİSƏ

    15:35 18 avqust 2023

İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub

İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub.

APA xəbər verir ki, Fərid Səfərlinnin anası Dilarə Əsgərova oğlu barəsində 2 il həbs hökmü çıxarıldığını bildirib.

Dilarə Əsgərova Fəridlə dünən danışdığını deyib: “Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”.

Dilarə Əsgərova hökmün verilməsi üçün hakimin hansı "sübutlara" istinad etdiyini də açıqlayıb: “Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki bunu ev yiyəsi təklif edib ki, avro ilə də ödəniş edə bilər.

Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alinib. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib. Fəridin deməsinə görə, səs yazısında, əslində, heç bir sübut yoxdur, sadəcə, tərcümə çox ciddi təhrif olunub. Məsələn, Fərid internet zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib, bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialı yenidən tərcümə etdirməyə qərar verdik.

Fərid guya 2022-ci ildə İrana Almaniya nömrəsi ilə 19 dəfə zəng vurub. Fərid bu iddianı rədd edib və bu zənglərin çıxarışlarını tələb edib. Ona bildirilib ki, xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs hardan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm? Təbii ki, qaneedici cavab almayıb.

Vəkilin hakimlə görüşü zamani hakim qeyd edib ki, məhkəmə zamani Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib. Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə. Nə qədər anormal bir yanaşmadır”.

Dilarə Əsgərova bu ədalətsiz hökmün ona çox pis təsir göstərdiyini bildirib: “Bu ədalətsiz hökm məni çox ağrıdır: illərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın iş təklifi al, işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər.

Fərid sonda mənə dedi ki, “Sepah”ın zindanında yaşadıqlarına baxmayaraq (nə qədər təkid etdimsə də, bu haqda danışmayacağını bildirdi), çıxandan sonra bütün bunları unutmağa çalışacaq, bu kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq”.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərl Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR