• HADİSƏ

    14:11 14 mart 2019

İrandan Ukraynaya göndərilən 9,5 milyon manatlıq psixotrop maddə Azərbaycanda saxlanılıb

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ONA-ya verilən məlumata görə, DGK Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi İranın Astara şəhərindəki “Pardis Ceram Pajh CO” şirkətindən Ukraynanın Kiyev şəhərindəki “Architectuar Decor” şirkətinə “qarışıq” yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.

Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı “Jack” ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən, nəqliyyat vasitəsi təkrar yoxlanılıb.

Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib. Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.

Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub.

Qeyd edək ki, aşkar olunan 56 kq 363 qram metamfetaminin “qara bazar”da dəyəri 9 milyon 500 min manat təşkil edir.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR