“Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barələrində məhkəmə qərarından kassasiya şikayəti verib.
ONA-nın xəbərinə görə, hər iki şəxs Ali Məhkəməyə müraciət edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanov şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il və H.Quliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.