İsmayıllı rayonunda ailə münaqişəsi zamanı qan tökülüb.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Şəhər sakini, 1992-ci il təvəllüdlü Sədair Ramazan oğlu Şükürov ailə münaqişəsi zamanı anasını bıçaqlamaq istəyib. O, bıçaqla anasına hücum edərkən qardaşı Rafael Şükürov müdaxilə edərək, bıçağı onun əlindən alıb və Şədair Şükürovun özünə bıçaqla bədən xəsarətləri yetirib. Üz və çiyin nahiyələrindən iki bıçaq xəsarəti alan Sədair Şükürov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Çoxlu qan itirən S.Şükürovun vəziyyəti ağır olaraq qalır.
Sədair Şükürovun psixoloji problemlərinin olduğu bildirilir. Qardaşını bıçaqlayan Rafael Şükürov isə həbsdən yenicə azadlığa çıxmışdı. O, törətdiyi cinayət əməlinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov