• HADİSƏ

    17:13 8 aprel 2019

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Norveç Krallığının Oslo şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, cari ilin 4-5 aprel tarixlərində baş tutan tədbirdə ölkəmizi Azərbaycanın Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və təşkilatın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətlərini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan bir sıra hesabat və sənədlər, o cümlədən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə əlaqələri tənzimləyən normativ sənədin qəbulu, Assosiasiyanın Hərbi Prokurorlar Şəbəkəsi ilə Beynəlxalq Hərbi Hüquq Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr keçirilmişdir. Bundan əlavə, təşkilatın prezidentliyinə Cənubi Koreya Respublikasının Busan vilayətinin baş prokuroru Çeol-Kyu Hvanqın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub.

Tədbirdə çıxış edən Kamran Əliyev ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə söykənərək həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin qətiyyətli korrupsiyaya qarşı mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunmalıdır ki, iclasda çıxış edən qurumun İcraiyyə Komitəsi və Katibliyinin rəhbərl şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamaqla, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə bir sıra ölkələrin təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasda İcraiyyə Komitəsinin növbəti 48-ci iclasının və Assosiasiyanın 24-cü İllik Konfransının 2019-cu ilin sentyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçirilməsi qərara alınıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR