Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, C. İsgəndərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi aprelin 18-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı C.İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.