Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Zaur Məmmədov, Natiq Alıyev və Anar Şirəliyev cəzaçəkmə müəssisəsinə köçürülüb.
ONA-nın verdiyi xəbərə görə, apellyasiya şikayətləri təmin olunmayan təqsirləndirilən şəxslər Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə ləğv edilmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər - Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova 5 il, onun rəhbərlik etdiyi idarənin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. N.Mürvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apellyasiya şikayəti versələr də, sonradan onlar şikayətlərini geri götürüblər.