• HADİSƏ

    17:18 3 iyun 2019

“Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib

Astara rayonunda xuliqanlıqda təqsirləndirilən Tağı Quliyevin məhkəmə prosesi keçirilib.

ONA-nın məlumatına görə, Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Tağı Quliyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində "Korrupsiya və Qanun” qəzetində bölgə müxbiri işlədiyini bildirib.

O, ittihama görə, Tağı Quliyev Astara Rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gedərək, şöbənin yerləşdiyi sahənin dəhlizində aqressivlik nümayiş etdirib.

O, eyni zamanda poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyüb.

Tağı Quliyev xəstəxananın baş tibb bacısı Rəcəbova Sənubər Cahangir qızının üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan söyüşlər söyüb. Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək Sənubər Rəcəbovanın əlindəki fincanı alıb, onun baş nahiyəsindən fincanla vurub. Tağı Quliyev zorakı əməllərini davam etdirib yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Sənubər Rəcəbova bu zərbədən əyilməklə yayındığından, zərbə qadının çiyin nahiyəsinə dəyərək fincan yerə düşüb sınıb.

O, bununla da kifayətlənməyib, digər tibb bacısı Süleymanova Pərvanə Əkbər qızına qarşı da müstəsna aqressiya nümayiş etdirib.

Onu da qeyd edək ki, Tağı Quliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2002-ci ildə Rusiyada adam ölümündə təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana ekstradisiya edilib, 2014-cü ildə azadlığa çıxıb.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR