Kürdəmirdə doğuş zamanı ana ölümü baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan rayonun Carlı kənd sakini, 19 yaşlı Novruzova Nuranə Sədrəddin qızı doğuşdan sonra ölüb.
Həkimlərin sözlərinə görə, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal keçib. Doğuşdan 15-20 dəqiqə keçəndən sonra gənc qadında boğulma halı baş verib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.
Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov bildirib ki, son 26 ildə Kürdəmir RMX-da doğuş zamanı ana ölümü baş verməyib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.