Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sunay Vəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti verib.
ONA-nın məlumatına görə, S. Vəliyev şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası keçirilib və baxış iyunun 4-də təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin keçmiş sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.