Lənkəranda torpaq sürüşməsi bir ailəni evsiz qoya bilər.
ONA-nın cənub bürosundan verilən məlumata görə, rayonun Sinovli kəndində 2 il bundan əvvəl baş verən torpaq sürüşməsi Quliyevlər ailəsinin gələcək problemlərinə yol açıb.
Belə ki, kənd sakini Mürşüd Quliyevə məxsus həyətyanı sahədə torpaq qatının hərəkəti intensiv yağışlardan sonra son 1 həftədə daha da aktivləşib. Nəticədə onun ikimərtəbəli 4 otaqlı evində indi iri çatlar yaranıb. Cənub bölgəsində hökm sürən yağmurlu hava şəraitini nəzərə alsaq, bu, qəzalı evdə yaşayan 6 nəfər üçün kifayət qədər ciddi problemdir. Onlar hər an evlərinin başlarına uçacağından narahatdırlar.
Torpaq sürüşməsi evlə yanaşı ailə təsərrüfatı üçün də təhlükə yaradıb. Ailəyə məxsus meyvə bağına ziyan dəyib, 20-yə yaxın feyxoa ağacı yararsız vəziyyətə düşüb.
2 il bundan qabaq hələ sözügedən evdə xırda çatlar əmələ gəldiyi vaxtlarda bu barədə aidiyyəti qurumlara məlumat verilib. Amma ev sahibinin sözlərinə görə, sadəcə əraziyə baxış keçirilib. Bu vaxta qədər isə məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Quliyevlərin evinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etsək də, bu məsələnin onlara heç bir aidiyyətinin olmadığını bildirdilər.
Tural Kərimov