Lənkəranda elektrik yarımstansiyasında yanğın olub, nəticədə təxminən 300 abonent işıqsız qalıb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanbulan kəndində yerləşən “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın ərazisində baş verib.
Yanğına səbəb 35 kV-luq Daştatük-Xanbulan elektrik verilişi xəttinin qırılaraq 2 ədəd gücü 10 kV olan paylayıcı qurğuların yağ açarlarının üzərinə düşməsi olub. Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə saat 22:15-də yanğın tamamilə söndürülüb.
Hazırda baş vermiş yanğınla əlaqədar Lənkəran rayonunun Daştatük kəndində və Hirkan qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılıb.