Lənkəranda itkin düşən məktəbli meşədən tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Bəliton kənd tam orta məktəbinin şagirdi günorta saatlarında dərsləri bitdikdən sonra evə qayıdan zaman sinif yoldaşlarından ayrılıb və getdiyi çay içi yolda azaraq meşə istiqamətində hərəkət edib.
Məktəbdən təxminən 1400 metr uzaqlıqda yerləşən Horavenc kəndinin sakini olan 2013-cü il təvəllüdlü Əli Nurəddin oğlu Muradovun vaxtında evə qayıtmaması valideynlərini və kənd sakinlərini bir neçə saatdan sonra hərəkətə gətirib. İtkin düşmüş oğlanın tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri axtarışlara cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində Ə.Muradov məktəbdən təxminən 15 km uzaqlıqda, “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. O, təcili tibbi yardım maşını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Uşağın vəziyyəti normaldır.