Daxili İşlər Nazirliyi Lerikdə itkin düşən şəxsin meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Lerik rayonunda itkin düşən şəxsin meyitinin yanında külli miqdarda narkotik maddə aşkar edilib. Belə ki, bu il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Mayın 19-da A. İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma gedir.