Lerik rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə iyul ayının 20-də günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb.
Əslən Lerikdən olan, Bakının Xətai rayon sakinləri, 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni - 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq meşədə dəfn edib və paytaxta qayıdıb. Hadisədən 2 gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.
Bu gün axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Əkbər Nuriyev 3 ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədi onu öldürmək olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.